“Şərq-Qərb” Açıq Səhmdar Cəmiyyəti 1986-cı ildən etibarən dövlət müəssisəsi olaraq 4 nömrəli Bakı kitab mətbəəsi kimi fəaliyyətə başlamışdır. 2001-ci ildə müəssisənin təşkilati-hüquqi forması dəyişdirilmiş və o, “Şərq-Qərb” Açıq Səhmdar Cəmiyyətinə (ASC) çevrilmişdir.
Əsas fəaliyyət növü nəşr və çap işləri olan “Şərq-Qərb” ASC-nin tərkibində Nəşriyyat Departamenti və Mətbəə fəaliyyət göstərir.
Hazırda müəssisədə nəşriyyat və poliqrafiya sahəsində respublikamızda və xaricdə təhsil almış təcrübəli, yüksək ixtisasa malik mütəxəssislər çalışırlar.
Ən müasir və yeni poliqrafiya avadanlıqları ilə təchiz edilmiş müəssisədə dünyanın qabaqcıl texnologiyalarından istifadə edilir. Müəssisə hər il ümumi tirajı 2 milyondan çox olan və müasir tələblərə cavab verən çap məhsulları istehsal edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamın icrası ilə əlaqədar olaraq, “Şərq-Qərb” ASC tərəfindən yüzlərlə kitab nəşr edilmişdir. “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında” 24 avqust 2007-ci il tarixli digər sərəncamın yerinə yetirilməsi ilə 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası” seriyası nəfis tərtibatla çap edilmişdir. Bundan başqa, incəsənət xadimlərinin həyat və yaradıcılığına aid 36 cilddən ibarət olan “Sərvət” layihəsi, 75 cilddə “Azərbaycan Memarlığı”, həmçinin 25 cilddə “Üzeyir Hacıbəyli dünyası”, “Энциклопедия Азербайджанского мугама”, “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin 6-cı nəşri çap edilmişdir.
2011-ci ildən etibarən “Şərq-Qərb” ASC məktəbəqədər və məktəbli uşaqlar üçün 100-dən çox müxtəlif adda kitablar, o cümlədən dərs vəsaitləri, iş dəftərləri, qiymətləndirmə vasitələri, sinif jurnalları və s. hazırlayaraq çap etmişdir. Artıq neçə ildir ki, “Məktəbli kitabçası” tam yeni konsepsiya və dizaynda, gündəlik tarixlər göstərilməklə, məlumat bölmələri ilə, bir sıra digər yeniliklərlə “Şərq-Qərb” ASC tərəfindən hazırlanır və Azərbaycanda ilk dəfə tam rəngli çap olunur.
“Şərq-Qərb” ASC SGS Azeri Ltd (“Societe Generale de Surveillance”) şirkəti tərəfindən geniş poliqrafiya xidmətlərinin göstərilməsi, nəşr və çap işləri üzrə ISO 9001:2015 standartının tələbləri əsasında yoxlanılmış və sertifikatlaşdırılmışdır.
Xatırladaq ki, sertifikatlaşdırma mərhələsinə kimi müəssisənin müəyyən əməkdaşları keyfiyyət konsepsiyasına giriş, ISO 9001:2015-in təfsiri, müvafiq standartların müzakirəsi, keyfiyyət sistemi kargüzarlığının struktur və məqsədi, auditin növləri və mərhələləri üzrə təlim kursu keçmiş və onlar da kursun nəticələrinə əsasən sertifikatlar əldə etmişlər.