Nəşriyyat xidmətləri

 

“Şərq-Qərb” ASC-nin Nəşriyyat departamenti Azərbaycanda nəşriyyat sahəsində öz imzası olan, gördüyü işin keyfiyyətinə zəmanət verən ən qabaqcıl nəşriyyatlardan biridir. Departamentdə yalnız mütəxəssislərdən, professional redaktorlar, korrektorlar, səhifələyici və dizaynerlərdən, rəssamlardan, multimedia mütəxəssislərindən ibarət kollektiv fəaliyyət göstərir. Məhz bunun sayəsində nəşriyyat sifarişçi qarşısında üzərinə götürdüyü bütün öhdəlikləri nəzərdə tutulan müddətdə və  yüksək səviyyədə həyata keçirə bilir. Bundan başqa, kollektivdə çalışanların operativliyi, kreativ düşüncə tərzinə sahib olması, müasir texnoloji yeniliklərdən xəbərdarlığı, istənilən sifarişə yaradıcı yanaşma bacarığı əldə edilən nəticənin mükəmməl və yüksək səviyyədə alınmasına şərait yaradır.

“Şərq-Qərb” nəşriyyatı müəlliflərə mətnin kompüterdə yığımından tutmuş kitabın hazır şəkildə təqdimatına qədər layihəni bütünlüklə həyata keçirməyi təklif edir. Müəlliflə əməkdaşlıq, çapaqədərki hazırlıq mərhələsində işin təşkili, optimal çap üsulunun seçilməsi, ehiyac olduqda mətnlərin bütün dillərə tərcümə edilməsi, sifarişin həyata keçirilməsi müddətinə nəzarət və s. fəaliyyətlər bu prosesə daxildir.

Kitabın yaranması

 

Kitabın yaranması prosesində ilk mərhələ mətnin yığımıdır. Əlyazma şəklində redaksiyaya daxil olan mətn kompüterdə yığılır. Bundan sonra redaktə, korrektə prosesindən keçirilir, mətnə uyğun dizayn-tərtibat verilir və səhifələnməsinə başlanılır. Səhifələnmə tamamlandıqdan sonra texniki redaktəsi edilən kitab çapa göndərilir.

Redaktə

 

Nəşriyyat prosesində hər bir mətn bədii, elmi, üslubi (stilistik) və məzmuna görə redaktədən keçirilməlidir. Bu gün bir çox nəşriyyatlar bu prosesi həyata keçirməsə də, hər işə professionallıq prizmasından yanaşan “Şərq-Qərb” Nəşriyyat departamentində bu problem hər zaman diqqət mərkəzindədir. Redaktor mətnin düzgün, məntiqli, rabitəli, ardıcıl və düzgün struktura malik olmasına cavabdehlik daşıyır. Mətndə mövcud olan üslubi qüsurların aradan qaldırılması, təkrarların aşkar edilərək silinməsi, məntiqi ardıcıllığın izlənməsi redaktə prosesində həyata keçirilir. Bu proses mətnin formasının məzmununa daha yaxşı uyğunlaşdırılması məqsədilə aparılır. “Şərq-Qərb”də çalışan redaktorlar bədii, elmi redaktə işini də həyata keçirir, mətnin mükəmməl bir halda nəşrə verilməsini təmin edirlər. Nəşriyyatda kitablar “texniki redaktə”dən də keçirilir ki, bu yekun mərhələdə nəşrin maketində struktur və texniki səhvlər aşkara çıxarılaraq aradan qaldırılır.

Korrektə

 

Korrektə mətnin dil qaydalarına uyğunluğunun təmin edilməsi prosesidir. “Şərq-Qərb” nəşriyyatında bu iş professional səviyyədə reallaşdırılır. Korrektorlar mətndəki müxtəlif səhvləri, çatışmazlıqları aradan qaldırır, mətnin dilimizin norma və qaydalarına uyğunluğunu təmin edirlər. Nəşriyyatın korrektorları mütəmadi olaraq yenilənən dil qaydalarından xəbərdardırlar və onları mətnə tətbiq edirlər.

Dizayn

 

Dizayn zamanı çap məhsulunun gələcək obrazı hazırlanır, ideyası, oxucunun zövqü nəzərə alınır, sifarişçinin tələblərinə uyğun stil və struktur seçilir, konsepsiya müəyyən edilir.

“Şərq-Qərb” nəşriyyatında dizaynerlər sifarişçinin arzu və istəklərini nəzərə almaqla maraqlı, orijinal dizayn-tərtibat təklif etməkdə mahirdirlər.

Kitabın illüstrasiyalarla, dizayn elementləri ilə tamamlanması vacibdir. Bu prosesdə mətnin redaktoru, müəllifi ilə dizaynerin müştərək işi mütləq təmin edilməlidir. Bu zaman çap məhsulu həm də əsl incəsənət nümunəsinə çevrilir. Çünki oxucu kitab haqqında ilk təəssüratı onun dizaynından, tərtibatından alır. Bu səbəbdən də kitabın üz qabığının dizayn-tərtibatı mütləq onun məzmununu və mahiyyətini ifadə etməlidir. “Şərq-Qərb” nəşriyyatında bu məsələ öz ideal həllini tapır.

Səhifələnmə

 

Səhifələnmə dizayn işinin davamıdır və “Şərq-Qərb”də bu fəaliyyəti xüsusi olaraq həyata keçirən mütəxəssislər çalışır. Səhifələyicilər çap məhsulunun dizayner tərəfindən müəyyən edilmiş konsepsiyasını izləyərək öz işlərini həyata keçirirlər. Onlar redaktə və korrektədən keçirilmiş hazır mətni formata salır, uyğun şrift seçir, şəkilləri uyğun yerdə yerləşdirir, mətnin oxunaqlığının yüksəldilməsi üçün rəngləri düzgün müəyyənləşdirir, maketi çap üçün texniki cəhətdən hazırlayır, oxucunun görmə qabiliyyətinə mənfi təsirdən qaçmaq üçün səhifələmə tələblərinə əməl edirlər. Səhifələyicilər üslub və kompozisiya vahidliyini qoruyur, dünya standartlarına uyğunluğu nəzərə alırlar. Peşəkar səhifələyicilər təkcə mətni mexaniki olaraq hazırlamaqla kifayətlənmir, həm də onun stilinə uyğun illüstrasiyalar, dizayn elementləri, şəkillər seçib təqdim edirlər.

Rəssam işi

 

Nəşriyyatda professional-kreativ dizaynerlər fəaliyyət göstərməklə bərabər, professional rəssamlar da çalışır. Nəşrə hazırlanan kitabda illüstrasiyalara ehtiyac yaranarsa, rəssamlarımız xidmətinizdə olacaq. Onların çəkdiyi illüstrasiyalar mətnlə bütünlük təşkil etməklə yanaşı, kitabı hələ oxumamış oxucuda mətnin məzmunu ilə bağlı da təsəvvür yaradacaqdır.