Anar
“Şərq-Qərb” ölkəmizin ən nüfuzlu nəşriyyatlarındandır. Bu nəşriyyatın buraxdığı kitablar peşəkar redaktor və korrektor işi, yüksək poliqrafik səviyyəsi, dizayn orijinallığı və tərtibatın bədii zövqü ilə seçilir. Çox məmnunam ki, bu nəşriyyatda mənim kitablarım da işıq üzü görüb. “Şərq-Qərb”lə son yaradıcılıq əməkdaşlığımız klassik və müasir Azərbaycan ədəbiyyatı və incəsənətinə həsr olunmuş beşcildlik əsərimin artıq çapdan çıxmış “Söz dünyası” adlı iki cildi olub.
Mədəniyyət Nazirliyinin sifarişi ilə çap olunan əsərin üçüncü cildi yenə də “Söz dünyası”, sonrakı iki cildi isə “Səslər, rənglər, daşlar dünyası”, “Teatr və kino dünyası” adlanacaq. Əslində, bu daha əvvəl rus dilində nəşr olunmuş və Heydər Əliyev mükafatına layiq görülmüş “Literatura, İskustvo, Kultura (LİK) Azerbaydjana” üçcildliyimin Azərbaycan dilində təkmilləşdirilmiş, əlavələr edilmiş nəşridir. Birinci iki cildin çapa hazırlanmasında “Şərq-Qərb” nəşriyyatı əməkdaşlarının işə ciddi, tələbkar, məsuliyyətli, yüksək peşəkarlıqla yanaşmaları məni çox sevindirdi. Nəşriyyatın rəhbərliyinə, bu işdə əməyi keçən hər kəsə, xüsusilə Sevil xanıma ən dərin minnətdarlıq hisslərimi bildirmək istəyirəm.
Hazırda növbəti cildləri bitirmək üzrəyəm, onların da belə nəfis şəkildə nəşr olunacağına inanıram.
15 dekabr 2020-ci il