"Şərq-Qərb" ASC VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında

“Bakı Ekspo Mərkəzi”ndə 6–10 oktyabr tarixlərində keçirilən VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında “Şərq-Qərb” nəşriyyatında çap olunan kitablar istər xarici qonaqlar, istərsə də yerli ziyarətçilər tərəfindən maraqla qarşılanıb. Kitabsevərlər nəşriyyatın çap məhsullarının – Araz Qurbanov və Nazim Mustafanın tərtib etdiyi “Həqiqətin onomastikası”, Aleksandr Volovikin “Azərbaycan silah sənəti”, Səidə Miri-zadənin “Keçmişə səyahət” kitablarının, Xalq yazıçısı Natiq Rəsulzadənin ikicildliyinin, Əməkdar incəsənət xadimi, teatrşünas İlham Rəhimlinin “Səhnə fədailəri” üçcildliyi və “Teatr tarixi” beşcildliyinin təqdimat tədbirlərində həvəslə iştirak ediblər.

Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə “Şərq-Qərb” nəşriyyatında hazırlanaraq işıq üzü görən “Zəfər salnaməsi” kitabı isə sərginin fəxri qonaqları – YAP İdarə Heyətinin üzvü Əli Əhmədov, təhsil naziri Emin Əmrullayev və mədəniyyət naziri Anar Kərimov tərəfindən yüksək dəyərləndirilib və Qələbəmizin əsl salnaməsi adlandırılıb.