VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 27–29 sentyabr 2019-cu il tarixlərində Bakı İdman Sarayında VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək. Sərgi-yarmarkası böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunub. 3 gün boyunca 81 yerli və 22 ölkədən gəlmiş 40 xarici nəşriyyat, poliqrafiya müəssisəsi, kitab evləri və s. qurumların qatılacağı sərgidə regionun ən böyük nəşriyyatı olan “Şərq-Qərb” nəşriyyatı da iştirak edəcək.
Nəşriyyat sərgidə nəfis tərtibatlı “Molla Nəsrəddin” jurnalının 10 cildliyi, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında”, “Ermənistan–Azərbaycan Dağlıq Qarabağ problemləri” kitabları, Anarın “Söz dünyası”, Məhərrəm Qasımlının “Azərbaycan aşıq ədəbiyyatı”, Aytən Yadigarlının “Yuxunun sehri”, Nizaməddin Şəmsizadənin “İdrakın üfüqləri”, Üzeyir Hacıbəylinin “Azərbaycan Xalq musiqisinin əsasları”, “Azərbaycanın İqti̇sadi̇ İnki̇şafının Heydər Əli̇yev Strategiyası” monoqrafiyası, İsmayıl Şıxlının “Мир мой умерший” və s. kitablarını sərgiləyəcək. Ölkədə Nəsimi ili qeyd edildiyindən nəşriyyat bu il münasibətilə öz oxucularına Fəxrəddin Əlinin illüstrasiyaları ilə hazırlanan “Nəsimi” və Qəzənfər Paşayevin “Nəsimi: Edamdan sonrakı həyat” kitablarını hədiyyə edir.
Onu da qeyd edək ki, sərgi çərçivəsində Nigar Həsənzadənin, İnara İsmayılovanın, Aytən Yadigarlının, Fəxrəddin Əlinin və s. kitablarının da təqdimat mərasimi və imza günləri keçiriləcək.