“Yeni nağıl qəhrəmanı – müasir simvolik personaj”

Fevralın 5-də “Şərq-Qərb” ASC-də “Yeni nağıl qəhrəmanı – müasir simvolik personaj” layihəsi çərçivəsində qaliblərin mükafatlandırılması tədbiri keçirildi.
Təqdimat mərasimində münsiflər heyətinin üzvləri, media mənsubları iştirak edirdilər. 
Tədbiri giriş sözü ilə açan Nəşriyyatın baş redaktoru Nərgiz Cabbarlı  “Şərq-Qərb” ASC-nin regionun ən böyük nəşriyyat-poliqrafiya müəssisəsi olduğunu və indiyə qədər bir çox böyük və dövlət əhəmiyyətli layihələrə imza atdığını bildirdi: “Artıq 35 ildir ki, fəaliyyət göstəririk və bütün bu illər ərzində bir-birindən dəyərli, dünya standartlarına cavab verən nəşrlərin hazırlanması, “Şərq-Qərb” adının poliqrafiya və nəşriyyat işi sahəsində brendə çevrilməsi üçün var qüvvəmizlə çalışırıq. Növbəti layihəmiz uşaqlarda kitaba marağın artırılması, mütaliə həvəsinin gücləndirilməsi məqsədilə keçirildi. Bilirsiniz ki, bütün dünyada klassik qəhrəmanların sırasına hər il yeniləri əlavə edilir.  Onlardan istifadə olunaraq kitablar çap olunur, animasiyalar çəkilir, uşaqlarda mütaliəyə maraq oyadılır. Azərbaycanda da klassik nağıl qəhrəmanları var və biz onlara qarşı deyilik. Amma azdırlar – Cırtdan, Tıq-tıq xanım, Məlikməmməd... Digər yandan, dünya dəyişir, uşaqlar dəyişir, biz də bu dəyişimə hər mənada ayaq uydurmalı, hətta məhz uşaqlarımız naminə bir addım öndə olmalıyıq”. 
Daha sonra söz Nəşriyyatın direktoru Sevil İsmayılovaya verildi. O, qonaqları salamlayaraq “Şərq-Qərb” ASC-nin rəhbərliyi adından münsiflər heyətinə öz təşəkkürünü bildirdi. “Şərq-Qərb” ASC-nin İSO beynəlxalq standartlaşdırma sertifikatına layiq görülmüş yeganə nəşriyyat olduğunu vurğuladı və qalib gələn işlərdən nəşriyyatın gələcək fəaliyyətində istifadə olunacağını qeyd etdi. 
Tədbirdə çıxış edən münsiflər heyətinin üzvləri – Azərbaycanın Xalq rəssamı, professor  Arif Hüseynov, Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayev, rəssam Mir Teymur Məmmədov, gənc rəssam Orxan Qarayev, şair, məşhur “Söz” layihəsinin müəllifi Nigar Həsənzadə, aktyor Bəhram Bağırzadə, kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə, uşaq ədəbiyyatının nümayəndələri, şair, yazıçı Sevinc Nuruqızı, yazıçı Aygün Bünyadzadə, “Şərq-Qərb” ASC-nin kommersiya departamentinin direktoru Xilqət Əsədov qalib gələnləri təbrik etdilər və layihə ilə bağlı ürək sözlərini bildirdilər. 
Xalq yazıçısı Çingiz Abdullayev “Şərq-Qərb”i bu qədər istedadlı rəssamın işini üzə çıxara bildiyi üçün təbrik etdi. Kinoşünas Aydın Kazımzadə isə layihədə qalib gələnlərin məhz qızlar olmasına görə sevindiyini bildirdi. 
Müsabiqədə Hüseynova Sevil Elmar qızı, Əliyeva Gülnar Şahvələd qızı, Məmmədova Ləman Əhəd qızı 3-cü yerə, Quliyeva Sevinc Əlikram qızı və Binnətova Kubra Həmid qızı 2-ci yerə, Qurbanova Afər İlqar qızı isə 1-ci yerə layiq görüldü.
Qaliblərə – 1-ci yerin sahibinə 3000 manat, 2-ci yerin sahiblərinə – hər birinə 1000 manat, 3-cü yerin sahiblərinə – hər birinə 500 manat pul mükafatı və Nəşriyyatın hədiyyələri təqdim edildi.